İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Biznes Mərkəzində növbəti maarifləndirici tədbir keçirilib

Yeni qəbul olunmuş normativ-hüquqi aktlar və qarşıya qoyulmuş vəzifələr haqqında sahibkarların maarifləndirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində tədbir keçirib. 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açıb. Bildirib ki, bu gün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, əhalinin rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin əsaslı həlli ilə yanaşı, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsindən ibarətdir.
Bunun üçün daxili bazarın tələbatına uyğun məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır.
Bu gün muxtar respublikada 362 növdə, 1128 çeşiddə məhsul istehsal olunur. Həmçinin 343 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Tədbirdə nazirliyin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadənin “Lisenziyalaşdırma sahəsində qəbul edilmiş normativ-hüquqi aktlar, müasir elektron ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi haqqında”, İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Emin Zeynalovun “İnvestisiya qoyuluşu ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktlar haqqında”, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Namiq Əhmədovun “Dövlət müəssisə və təşkilatları tərəfindən mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına malların satın alınması istiqamətində sahibkarların qarşısında duran vəzifələr haqqında”, nazirliyin Hüquq sektorunun müdiri Aysel Qədirzadənin “Malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi qaydaları haqqında”, Rəqabətin qorunması və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vaqif Rza­yevin “Yerli istehsal məhsullarının müşayiətedici (sertifikatlar) sənədlər əsasında satışı, analoji idxal məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməklə yerli istehsal məhsullarının satışının daha da artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi haqqında” mövzularında məruzələri dinlənilib. 

Məruzələrdə qeyd olunub ki, cəmiyyət inkişaf etdikcə qəbul olunan yeni normativ-hüquqi aktlarla sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların tanış olması, onlara düzgün istiqamət verilməsi bu sahədə yeni uğurlar qazanılmasının başlıca səbəblərindəndir. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarla görüşlərin təşkili, onların problemlərinin həll edilməsi, müasir elektron ödəniş xidmətlərinin tətbiqi, nağdsız hesablaşmaların genişləndirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, prioritet hesab edilən layihələrin sahibkarlara təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı köməkliklərin göstərilməsi istiqamətində görülən kompleks işlər diqqət mərkəzində saxlanılıb. İqtisadiyyatın liberallaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə həyata keçirilən islahatlar öz müsbət nəticələrini verib.
Tədbirdə nazirliyin Regionun inkişafı və dövlət proqramları sektorunun müdiri Seymur Cəfərov 2016-cı ildə prioritet hesab edilən layihələri sahibkarlara təqdim edib. Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri Polad Heydərzadə özəlləşdirilməyə açıq elan edilmiş müəssisələr haqqında məlumat verib. 
Sonra sahibkarların sualları cavablandırılıb.


Çərşənbə, 18 May 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ