İcazələrin elektron informasiya portalı
Xəbərlər


Naxçıvan Biznes Mərkəzində nağdsız ödənişlər və turizmlə bağlı seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2016-cı il tarixli Sərəncamla təsdiq etdiyi “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da və Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı ilə bağlı keçirilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Vergilər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin nümayəndələri, İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş ixtisaslar üzrə təhsil alan tələbələr, sənətkarlar və sahibkarlar iştirak ediblər.

Tədbirdə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə çıxış edib. Bildirilib ki, özəl bölməyə, sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələnərək ayrı-ayrı sahələrdə fəaliyyət göstərən sahibkarlar təbəqəsi formalaşıb. Özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada (ödəniş kartı ilə) ödənilməsinin əhəmiyyəti haqqında sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib, əməkhaqqı kartlarının müəssisə və müəssisənin əməkdaşları üçün sərfəli olduğu barədə geniş məlumat verilib.

Əməkhaqqı ödənişləri zamanı vaxta qənaət edilməsi, ezamiyyətdə və məzuniyyətdə olan əməkdaşların nəinki respublikamızın bütün regionlarında, hətta istənilən xarici ölkədə əməkhaqqını vaxtında alması imkanı yaranıb. Müəssisənin mühasibat və kassa prosedurlarının son dərəcə sadələşdirilməsi, plastik kart sahibləri üçün vaxt itkisinə yol vermədən bankomat vasitəsilə və ya ev şəraitində internet vasitəsilə kommunal xərclərin, ev telefonu xərclərinin, internet provayderlərinə, mobil operatorlara, kabel televiziyasına, sığorta xidmətlərinə görə və digər ödənişlərin həyata keçirilməsinə geniş imkanlar açılıb.
Qeyd olunub ki, muxtar respublikada istehsal olunan mal və məhsulların, milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin internet kataloqunun hazırlanması və elektron satışlarının təşkil edilməsi istiqamətində tədbirlər həyata keçirilir, nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında maarifləndirici tədbirlər diqqət mərkəzində saxlanılır.
Vergilər Nazirliyinin şöbə müdiri Zahid Qənbərov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin nümayəndəsi Tural Şirəlizadə müzakirə olunan məsələ ətrafında çıxış edib, mövzuya uyğun olaraq təqdimat keçirilib. 
Yerli istehsal məhsullarından istifadənin təşviqi, istehsalçı, topdansatış və pərakəndəsatış obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər haqqında İqtisadiyyat Nazirliyinin şöbə müdiri Namiq Əhmədov geniş məlumat verib. 
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin marketoloqu Vüsal Gülməmmədov muxtar respublikada turizm potensialının inkişafı istiqamətində görülən işlərə, sahibkarlar və sənətkarlar qarşısında duran vəzifələrə toxunub, ölkəmizi, o cümlədən muxtar respublikamızı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışının diqqətdə saxlanılması, turizm sahibkarlığının inkişaf etdirilməsi, turizmlə məşğul olan sahibkarlar tərəfindən bu sahə üzrə layihələrin, biznes planların hazırlanmasının və həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda 2016-cı ildə qurulması prioritet hesab edilən layihələr sahibkarlara təqdim edilib.

 


Bazar ertəsi, 11 Aprel 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ