İcazələrin elektron informasiya portalı
Xəbərlər


“Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub

Yanvarın 22-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların təqdimetmə mərasimi olub.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb. Qeyd olunub ki, 2014-2015-ci illərdə muxtar respublikada 39 hüquqi şəxs dövlət qeydiyyatına, 5157 fiziki şəxs isə sahibkarlıq uçotuna alınıb. Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən sahibkarlara 82 milyon 286 min manat həcmində güzəştli şərtlərlə kreditlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində 6364 yeni iş yeri açılıb. Bununla yanaşı, muxtar respublika ərazisində şəxsi vəsaitlər hesabına kiçik və orta sahibkarlığın inkişafı istiqamətində 15 sənaye, 9 kənd təsərrüfatı və 8 xidmət sahəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilmiş sahələr də daxil olmaqla, ümumilikdə, 732 yeni iş yeri açılıb. Fond tərəfindən maliyyələşdirilmiş digər layihələrin icrası başa çatdırıldıqdan sonra daha 595 yeni iş yeri açılacaqdır.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikada dinamik inkişafın ən mühüm göstəricilərindən biri də məşğulluğun inkişaf səviyyəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin güclənməsinə əlverişli şərait yaradıb. Ötən iki il ərzində 5537 nəfər müəssisələrdə mövcud olan vakansiyalar üzrə işlə təmin edilib, sosial müdafiəyə ehtiyacı olan 158 nəfər kvota yerlərinə, 627 nəfər sosial əhəmiyyətli ictimai işlərə göndərilib. Eyni zamanda məşğulluq tədbirləri ilə yanaşı, işçilərin əmək hüquqlarının müdafiəsi və əməyin mühafizəsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilib.
Sahibkarlar Konfederasiyasının nümayəndəsi Azər Cəfərov çıxışında muxtar respublikanın iqtisadi tərəqqisində sahibkarlığın əhəmiyyətindən, sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün məsləhət xidmətinin göstərilməsindən bəhs edib. Bildirilib ki, İqtisadiyyat Nazir­liyində yaradılan “Operativ əlaqə sistemi” vasitəsilə 117 sahibkarlıq subyektinə mütəmadi olaraq məsləhət, informasiya xidmətləri göstərilib. Həmçinin Naxçıvan Biznes Mərkəzində sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün təkmilləşdirmə kursları təşkil edilib, sahibkarlıq subyektlərinə şifahi konsaltinq xidməti göstərilib, 17 müəssisəyə mütəmadi olaraq 72 halda iqtisadi yönümlü məlumatlar çatdırılıb. 
Qeyd olunub ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” önümüzdəki 5 il ərzində məşğulluq siyasətinin əsaslarını müəyyən edir. 
Vurğulanıb ki, ötən ilin yanvar ayında “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2014-cü ilin yekununa görə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqə keçirilib və qaliblər mükafatlandırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2015-ci ilin yekununa görə Naxçıvan Biznes Mərkəzində növbəti müsabiqə keçirilib. “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərini Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yaradılan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının nümayəndələrindən ibarət mükafat komissiyası müəyyən edib. 
Sonra komissiyanın sədri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev müsabiqənin qaliblərini elan edib. Bildirilib ki, 2015-ci ilin yekununa görə yeni istehsal sahəsi yaratmaqla işaxtaranların daimi işlə təmin olunmasında iştirak edən hüquqi və fiziki şəxslərin fəaliyyətləri müqayisəli qiymətləndirilərək Uzun­oba Su Anbarı ətrafında fəaliyyət göstərən sahibkar Azər Nəsirova məxsus “Panaroma” iaşə obyekti birinci, Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən sahibkar Rafiq Əliyevə məxsus süd məhsullarının emalı müəssisəsi ikinci və Culfa rayonunun Dizə kəndində fəaliyyət göstərən sahibkar Mahmud İbrahim­ova məxsus heyvandarlıq təsərrüfatı üçüncü yerlərə layiq görülüblər. 
Sonra qaliblərə diplom və plaketlər təqdim olunub.
Sahibkarlar adından çıxış edən Azər Nəsirov onların fəaliyyətlərinə yaradılan hərtərəfli şəraitə görə minnətdarlığını bildirib, gələcəkdə də əhalinin səmərəli məşğulluğunun təmin olunması istiqamətində fəallıq nümayiş etdirəcəklərini qeyd edib.


Şənbə, 23 Yanvar 2016

"Sahİbkarlıq sahəsİnə aİd qanunverİcİlİk aktlarının layİhələrİ" xİdmət bölməsİ